Ulu Öndər Heydər Əliyevin şərəfinə

Müəllif ZEYNƏB DƏRBƏNDLİ.

HEYDƏR ATA

Vətənin dar günündə, o yetirdi özünü,
Qətiyyət ilə dedi, hər kəsə öz sözünü,
Çəkmədi millətindən, bircə an da gözünü,
İnan ki, zamanında oyandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

Öz yerini göstərdi, elinə göz dikənə,
Layiqli qiymət verdi, yurd qeyrəti çəkənə,
Baxışıyla od vurdu, haqsız qanlar tökənə,
Vətənin atəşinə, hey yandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

Onun üçün vətəni, tamam başqa həyatdı,
Xalqı güləndə güldü, yasında yasa batdı,
Hər ölkədə o, böyük Azərbaycan yaratdı,
Sərkərdədi, əsgərdi, sultandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

Şəhidlərlə ölmüşdü, sanki onun ruhu da,
Ata kimi dözmədi, ah naləyə, fəryada,
Onun əvəzi yoxdur, arasaqda dünyada,
Rəsmdə gözlərində üsyandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

Sözü kəsəri ilə, söyləyərdi hər yerdə,
O hamıyla tutardı, arada ciddi pərdə,
Onun imzası vardı, qələbədə, zəfərdə,
Oxunmamış kitabdı, dastandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

O böyük məktəb idi, onu görənlər üçün,
Nə yazsaq yenə azdır, bu Ulu Öndər üçün,
Daima yaşayacaq, onu sevənlər üçün,
Zeynəb deyər dünyadı, cahandı Heydər Ata.
Xalqının dayağında, dayandı Heydər Ata.

06.05.2018.