Ürəyim vətənlə döyünür


Yazımı, çox qədim bir atalar sözü ilə başlamaq istədim. Deyirlər, «Hər yazan, Molla Pənah olmaz». Bəli bu doğrudur, çünki söz yazan, şeir yazan çox olur amma şair az olur. Şairin məktəbi olmur, şairə təhsil lazım deyil. Şair gərək, şair doğula. Sizə Dərbənddə hər kəsin sevimlisi, hər kəsin sevə-sevə oxuduğu, tanınmış şairə Zeynəb Dərbəndli haqqında bu yazını təqdim etmək istəyirəm. Əslində, Zeynəb xanımın təqdimata ehtiyacı yoxdur. Həm bizim oxucularımız, həm də Dərbənd əhli onu çox yaxından tanıyır və sevir.
Fevralın 28-də “A.A.Bestujev-Marlinski” memorial ev-muzeyində Ana Dili Günü çərçivəsində şairə Zeynəb Dərbəndlinin yaradıcılığına həsr olunmuş “Ürəyim Vətənlə döyünür” poetik-musiqili gecə keçirilmişdir. Dağıstan çox gözəl, gözəl olduğu qədər də heyrətamiz bir məkandır. Coğrafi mövqeyinə, təbiətinə görə unikaldır. Bu həm də ona görə maraqlıdır ki, burada unikal insanlar yaşayır. Belə insanlardan biri də Zeynəb Dərbəndli kimi tanınan Zeynəb İbrahimxəlilovadır. Zeynəb Dərbəndli DR-nın Dərbənd rayoyunun Rükəl kəndində dünyaya göz açıb. Zeynəb Dərbəndli, öz doğma Azərbaycan dilində yazıb yaradan şairədir. O, 8 kitab müəllifidir.
Poetik gecəni, muzeyin sədri Ruhiyyə xanım Mərdanova salamlayaraq açıb. O qeyd edib ki, «Zeynəb Dərbəndli unikal bir insandır. Onun heç bir yerdə təhsil almadan, bu cür gözəl yazıb yaratmağı hər birimizin maraq dairəsinə çevrilib. Onu tanıdığım bu az müddət ərzində, onun yaradıcılığı ilə çox yaxından tanış oldum. Onun yaradıcılığına nəzər salan hər kəs, onun görər görməz heyranı olur. Mən də bugün, bizim bu məkanda Ana dilinə həsr olunmuş bu gecəni məhz onun yaradıcılığına həsr etməyi qərara aldım. Çünki bizim gələcək nəsil, belə bir isdedadın bizim Dərbəndimizdə olduğunu, yaşadığını, yazıb yaratdığını bilsin». Və sözü şairəyə verdi.


Şairənin şeir deməyi, özüdə şeiri yaşayaraq yazdığı kimi çatdırmağı başqa bir aləmdir. Ona görə də, onu dinləyən hər kəsi səsinin ahənginə ala bilir. Düzünü deyim, məktəb uşağlarının sakitcə oturub məclis bitənə kimi bütün çıxışlara baxaraq alqışlamaları, şairə ilə daha yaxından tanış olmaq istəmələri, özü bilavasitə, şairənin necə sevildiyinin canlı sübutu idi. Məclisdə söylənilən şeirlərə, musiqi ilə daha gözəl rəng qatan, Sevda xanım Beybalayeva idi. O, kamançada müşaiyyət edirdi. Zeynəb xanımın şeirlərinin ahənginə düşüb, kamanın telləri də sızlayırdı. Məhərrəm Ömərov, şairənin «Mənim Gülüstan Dərbəndim» şeirini söyləyərək, ardınca da onun sözlərinə bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi «Ulu Dərbəndim» mahnısını ifa etdi. Və Zeynəb xanımın, doğrudanda qeyri adi bir insan olduğunu söylədi. Rəhilə xanım Ömərova, şairənin «Dəyanətli Dağıstanım» şeirini söylədi. Və o qeyd etdi ki, «Zeynəb Dərbəndli gözəl şairə, müğənni olduğu kimi də, gözəl, vəfalı və qayğıkeş bir insandır. Biz onu hamımız çox sevirik, o öz gözəl xasiyyəti və insanlığı ilə, bizim ürəyimizdə öz taxtını qura bilib». Sevda xanım Beybalayeva, şairə haqqında bir neçə kəlmə söyləyərək, onun yaradıcılığı ilə balı uşağlara məlumat verdi. «Zeynəb Dərbəndli, bu günə kimi çox çətinliklərdən keçib və onların hər birinə sinə gələ bilib. Onun yaradıcılığında musiqi üzrə ən böyük rolu olan Azərbaycanlı bəstəka Elmir Mədətoğludur. Zeynəbin 100 e yaxın şeirinə musiqi bəstələyib. Onun 3 mahnısını da mən ifa etmişəm. «Dağıstan Azərbaycan, «Cənnətdir Quba» və «Gəlir novruz bayramı. Mən doğrudan da çox sevinirəm ki, sevilən şairəmizin yaradıcılığında mən də varam». O, Zeynəb xanımın «Gəlir Novruz Bayramı mahnısını ifa etdi. Tədbirdə, Dərbənd şəhəri 4 saylı orta məktəbinin Ana dili və ədəbiyyatı müəllimi Səlimə İsayeva da iştirak edirdi. O, şairənin «Dəmirqapı Dərbəndimin gülüyəm» şeirinə və ona həsr etdiyi şeiri söylədi. Və öz şagirdlərinin ifasında, şairən «Mənim dilim» şeirini də təqdim etdi.

O, ilk misrarını anasına həsr edib. Şairə deyir ki, «Mən hələ 8 yaşım olanda, «Ana məni bağışla» şeirimi yazmışdım. Anamın xətrinə dəymişdim, anam mənim hər şeyim idi. Onun qırğınlığı, mənə rahatlığ vermirdi. Düzdü o mənim üzümə gülümsüyürdü, amma gözlərindəki kədəri hiss edirdim. O zaman ilk şeirimi ona yazdım. Bilirsiz; mən anamın son nəfəsində də, o məni tərk etməsin deyə ona şeir yazdım. Şeirimdə ona yalvarırdım.

Ana sənə qurban olum

Kaşki geri qayıdaydın,
Ana, sənə qurban olum.
Niyə məni tənha qoydun,
Ana, sənə qurban olum.

Uşağlığım qayıdaydı,
Sənli günlərim olaydı,
Mənimçün laylay çalaydın,
Ana, sənə qurban olum.

Çox çarə axtardım sənə,
Hər bir yerdən dönə-dönə,
Südünü halal et mənə,
Ana, sənə qurban olum.

Kaş, birdə səni göreydim,
O gözlərindən öpeydim,
Sən ölüncə, mən öleydim,
Ana, sənə qurban olum.

Əyər mənim səhvim varsa,
Gözlərim yaşla dolarsa,
Bağışla, nacə də olsa,
Ana, sənə qurban olum.

Zeynəbəm yanıram oda,
Yoxdur səndən bir səs, səda,
Yazığ balanı sal yada,
Ana, sənə qurban olum.

Amma o, qayıtmadı».
Zeynəb Dərbəndli qeyd edir ki, ona poeziyada təkan verən də elə, onun yaşadığı çətin uşaqlığı olub. Gecədə Dərbəndin 4 saylı orta məktəb və 3 saylı gimnaziyanın müəllim və şagirdləri də iştirak ediblər.
Zeynəb Dərbəndli, özünün haqqında danışdı, danışarkən də kövrəldi. Bu kövrəliş içdən gəlirdi, çünki o həyatı o özü yaşayıb. Həm özü kövrəldi, həm də iştirakçıları kövrəltdi. O, məclisi Anasının son anında yazıb qolağına oxuduğu «Ana sənə qurban olum» şeiri ilə başladı. Zeynəb xanım «Dəmirqapı Dərbəndim, Dünya, və başqa şeirlərini də söylədi və öz Anasına həsr etdiyi «Anam yadıma düşəndə» mahnısı ifa etdi.
Zeynəb xanım haqqında daha çox yazmaq olar, çünki onun istədadı sərhədd tanımır. O bizim Dərbəndimizi Azərbaycanda, Türkiyədə, Gürcüstanda və bir çox yerlərdə öz şeir və mahnıları ilə tanıdıb. Şairə bu şəhərin adını özünə əbəs yerə təxəllüs götürməyib. O deyir ki,

Dərbənd mənim vuran qəlbin, görən gözümdür.
Dərbənd mənim şeirim, mahnım, şirin sözümdür.
Mən Dərbənddən ayrı qalsam, o gün ölərəm.
Dərbənd mənim adım, sanım, elə özümdür.

Bu sözü yalnız, övlad ana üçün deyə bilər. Zeynəb Dərbəndli də, Ulu Dərbəndin övladıdır. Görün o Dərbəndini nə qədər sevir ki, özünü onun bir qönçə gülü kimi qələmə verib. O deyir

Dəmirqapı Dərbəndimin gülüyəm

Hər baxanda camalına yurdumun,
Könlüm əsir hər halına yurdumun.
Göz dikmərəm bir malına yurdumun,
Bu şəhərsiz, mən ayağda ölüyəm,
Dəmirqapı Dərbəndimin gülüyəm.

Yetdi qapı olub onun həyanı,
Qədimliyi heyran edib hər yanı.
Özü böyük tarixlərin dasdanı,
Mənsə onun başındakı teliyəm.
Dəmirqapı Dərbəndimin gülüyəm.

Şahid olub neçə qanlı davaya,
Çox düşməni sovurubdur havaya.
Ana kimi qocağ açır hamıya,
Mən yurdumun, doğma Ana diliyəm.
Dəmirqapı Dərbəndimin gülüyəm.

Hər millətin ürəyidir bu şəhər,
Min arzusu, diləyidir bu şəhər.
Zeynəbin gül bələyidir bu şəhər,
Çeşməsiyəm, bulağıyam, seliyəm.
Dəmirqàpı Dərbəndimin gülüyəm.

Belə şairə haqqında yazmağ, hər kəsə nəsib olmur. Bugün onun haqqında yazmaq, mənə həvalə olunduğuna görə çox şadam.
Şairə ilə bu görüş, Dərbənd şəhəri 3 saylı Gimnaziya məktəbinin şagirdləri ilə təşkil olunmuşdur. Məhin Gimnaziyanını müəllimi də, şairə haqqında gözəl fikirlər söylədi. Həm poeziya, həm musiqi ilə bəzədilmiş bu tədbir, demək olar ki bayram abuhavası ilə başa çatdı.
H. Aslanov