VETERANLAR HAQQINDA XATİRƏLƏR: ƏLİ BALACAYEVİÇ ƏLİYEV

Tabasaran rayonunun Darvaq kəndindən olan Böyük Vətən müharibəsi veteranı Əli Balacayeviç Əliyevlə demək olar ki, hər dəfə Qələbə Günü bayramı ərəfəsində görüşürdüm. 90-dan artıq yaşı olduğuna baxmayaraq, Əli baba kifayət qədər sağlam, nikbin görünürdü. Gəlişimə öyrəşən veteran və onun ailəsi məni həmişə səmimi qarşılardı. Ondan gündəlik həyatdan və cəbhədəki hadisələrdən danışmasını xahiş edirdim. O hər zaman həm müharibə, həm də müharibədən sonrakı həyatı haqqında bütün təfərrüatları ilə danışmağa çalışırdı. Təəssüf ki, mənim illik həmsöhbətim və o illərin canlı şahidi keçən il bu dünyanı tərk etdi. Lakin mən yenə də onun söylədiyi xatirələri bütün detalları ilə xatırlayıram…
Əli Balacayeviçin dediyi kimi, 1942-ci ildə, 19 yaşında cəbhəyə çağırış aldı. Cənubi Dağıstandan olan yeni çağırışları, əvvəlcə hərbi işlərdə təlim almaq və öyrətmək üçün Gürcüstana göndərdilər. Burada onlara 3 ay ərzində döyüş təlimi keçdikdən sonra onları Qafqaz cəbhəsinə istiqamətləndirdilər.
Əli Balacayeviç digər çağırışlarla birlikdə, 1942-ci ilin payızında Qafqaz cəbhəsinin Tuapse istiqamətində gedən döyüşlərində iştirak etdilər. Mənə danışırdı ki, faşist təyyarələri gündəlik olaraq intesiv şəkildə onların mövqələrini bombalayırdılar. Bu döyüşlərdə onun əsasən gənc olan bir çox cəbhəçi dostları havadan atılan bombaların partlaması nəticəsində həlak oldular.
Çox sayda yaralı və kontuziya alanlar var idi. Ölənlərin və yaralananların yerini yeni canlı qüvvə ilə əvəz etdilər. Komandirlər və siyasi işçilər bizə izah edirdilər ki, düşmənin Qafqaz silsiləsindən keçəcəyi təqdirdə, almanlar neft yataqlarına sahib çıxacaq və sonra SSRİ-nin bu müharibədə qələbə qazanması böyük şübhə doğuracaqdır. Buna görə də mövqelərimizi möhkəm tutduq. Alman “yunkerləri”nin növbəti basqınından sonra, soyuq payız günlərinin birində Əli Balacayeviç ağır yaralandı. Ətrafında partlayan bomba qəlpəsi onun ayağının sümüyünü parçaladı…
“Uzanmışdım, qan məni aparırdı”,- deyə o belə xatırlayırdı:- Yanımda kim var idisə, hamısı bacardığı kimi göydən yağan bombalardan xilas olmaq üçün gizlənmişdi. Məni sağlam və gənc bir oğlan xilas etdi. Dialekdindən başa düşdüm ki, Azərbaycandandır. O mənə tərəf qaçdı, belinə aldı və böyük cəldliklə “sançast”a gətirdi. Məni orada qoyub geri qayıtdı və onu bir daha görmədim. Təəssüf ki, mən indiyədək öz xilaskarımın nə adını, nə də familiyasını öyrənə bilmədim. Yarama baxdıqdan sonra həkimlər ayağımı kəsdilər və xəstəxanada müalicə olundum, mənə taxta protez verdilər. O vaxtdan bəri protezlə gəzirəm”.
Evə qayıtdıqdan sonra Əli Balacayeviçdən kolxoz və sovxoz anbarlarının müdiri işləməsini xahiş etdilər. Bu vəzifədə uzun illər ləyaqətlə, təmiz vicdanla çalışdı və buna görə də həmkəndlilərinin nüfuz və hörmətini dərin rəğbətini qazandı.
Q.Ömərov