Dərbənd rayonunda təsirli və əlamətdar hadisə baş verib. Xüsusi əməliyyatda həlak olanların ailə üzvləri doğmalarına qürur və məhəbbət hissi ilə “Qafqaz” FAY magistralının kənarında, Sabnova kəndi ilə Daqestanskiye Oqni şəhəri arasında yerləşən “Xatirə bağı”nda bir hektar sahədə 200 ədəd meyvə ağacı tingi əkiblər. həlak olanların ailələrinin yanında Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Mövsüm Rəhimov, Dağıstan Respublikası Xalq Məclisinin deputatı Azad Hacıyev, Dərbənd şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyev, Dərbənd rayon Deputatlar Məclisinin sədri Majmudin Semedov, xüsusi hərbi əməliyyatın iştirakçıları, ictimai təşkilatların nümayəndələri, “Vətən Müdafiəçiləri” Fondunun nümayəndələri, könüllülər, müəllimlər, tələbələr və digər rəsmi şəxslər olublar. Vətənpərvərlik mövzusunda keçirilən tədbiri Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı Mövsüm Rəhimov açıb: “Bu gün biz Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun təşəbbüsü ilə “Xatirə bağı»nın açılışına hazırlığın birinci mərhələsinə başlamaq üçün buraya toplaşmışıq. İlk çağırışda tərəddüd etmədən Böyük Vətənimizin müdafiəsinə qalxan igid döyüşçülərimizin xatirəsini əbədiləşdirmək üçün hər kəsi noyabrın 3-də “Xatirə bağı”nın rəsmi açılışında iştirak etməyə dəvət edirəm. Bu bağ torpağımızda əmin-amanlıq, xalqımızın azadlığı və müstəqilliyi naminə canlarını əsirgəməyən hər kəsə ehtiramdır. Böyük döyüşçülərin xatirəsi qəlbimizdə yaşamalı, nəsildən-nəslə ötürülməlidir ki, gənc nəsil onlardan nümunə götürsün, öz əzizlərini, Vətənini müdafiə etməyə hazır olsun”, – deyə Mövsüm Rəhimov bildirib. Meyvə ağaclarının tinglərinin əkilməsi davamlı həyatın, böyümənin və ümidin simvoludur. Hər bir ağac bizim azadlığımız və təhlükəsizliyimiz uğrunda canlarından keçənlərin xatirəsinin rəmzinə çevriləcəkdir. Əminik ki, bu ağaclar öz xidmətlərini xatırladacaq və bizi vətənimizə, cəmiyyətimizə qayğı göstərməyə ruhlandıracaq. Xatirə bağında tinglərin əkilməsi aksiyası xüsusi əməliyyat iştirakçılarının qəhrəmanlıqlarına görə minnətdarlığımızın və ehtiramımızın əsl ifadəsinə çevrildi. Onlar bir çox insanın qəlbində iz qoyub. Aksiyada Aqul, Axtı, Daxadayev, Kurax, Maqaramkent, Rutul rayonlarının, Dərbənd və Dagestanskiye Oqni şəhərlərinin nümayəndələri də iştirak ediblər.
Salixova S