Bugün Dərbəndimizin nəğməkar qızı, iki xalqın sevimlisi. Hər sətiri bir dünya olan hər sözü dillər əzbəri olan, Məlahətli, dağ çayı kimi şəffaf səsli Zeynəb Dərbəndlinin doğum günüdür. Bu münasibətlə biz «Dərbənd» respublika qəzetinin kollektivi, əzizimiz Zeynəb xanımı təbrik edirik. Ona ilk öncə Allahdan can sağlığı, qadın saadəti, yaradıcılığ zirvələri və işlərində uğurlar arzulayırıq. Zeynəb xanım siz daima yazın, yaradın. Sizi xalq sevir siz xalqın ürəyində öz taxtınızı qura bilmisiniz. Və bunu siz öz istiqanlılığınızla, səmimiyyətinizlə, sənətinizlə qazanmısınız.
Ad gününüz mübarək olsun.
Sizə Azərbaycanlı şairə xanımın yazdığı «Sən mənim Dərbəndimsən» adlı şeir ilə bir təbrik sözümüzü ərməğan edirik.
SƏN MƏNİM DƏRBƏNDİMSƏN
Nəğməkar şairəm Zeynəb Dərbəndliyə.
Sənin, mənim gəldiyimiz,
Yollarımız bağlanıbdı.
Bu həsrətin alovundan,
Ürəyimiz dağlanıbdı.
Geyiminlə yaşadırsan,
Geymədiyin rübəndi sən.
Yağılara göz dağısan
Dəmirqapı Dərbəndimsən…
Qıracağıq Simsimi biz,
Bitişəcək yaramız da.
O tay, bu tay birləşəcək,
Kim qalacaq aramızda?…
Kərkük, Mosul Dərbənd, Təbriz,
Güləcəkdi üzümüzə.
Soyumuzun cığırında,
Gül qonacaq izimizə.
Dəmir, polad duruşunla,
Narınqala vüqarlısan.
Nə zamandı görüşmürük,
Kədərlisən, qübarlısan.
Bu nisgil də can verəcək,
Sənin, mənim qollarımda.
Çox az qalıb, bir az da döz,
Açılacaq yollarım da.
Aybəniz Qaragilə Qafarlı
Dərin hörmət sevgilərlə «Dərbənd» respublika qəzetinin kollektivi