Xalqımız vətənin azadlığı uğrunda vuruşan, canından keçən qəhrəmanları heç vaxt unutmayacaq.Vətən uğrunda ölüm-həyatın davamıdır.Qəhrəmanlıq torpağa gömülmür,onun əbədi vəsiqəsi var.Yaxşı demişlər:
İgid ölər, adı qalar!
Müxənnətin nəyi qalar?
Qəhrəmanlıqdan danışarkən yadıma böyük tatar şairi Musa Cəlilin aşağıdakı sözləri düşür: “ Mən ölümdən qorxmuram.Bu boş söz deyil, bir həqiqətdir.Əgər mən sağlığımda faydalı bir iş görmüşəmsə, əgər bu haqqı qazanmışamsa nə üçün ölümdən qorxum, həyatın əsl mənası budur.Elə yaşa ki, öləndən sonra ölmə.Əgər Vətən üçün ölmək lazımdırsa qoy belə şərəfli ölüm mənim nəsibim olsun.”
1941-ci ilin yayı fəlakətli bir yay idi. Vətənimizin dağlarında lalələr, bağlarında meyvələr,tarlalarında ağır başlı sütül sünbüllər rəngini, ruhunu,mənasını dəyişmişdi. Gözəl bahar bu il kimsədən təbəssüm və nəvaziş görmür, gözləmirdi. Adamların qara kimi sərt, bulud kimi tutqun simasından kədər, qayğı, intizar, qəzəb yağırdı.Vətənin köməyə çağıran yaralı səsi bütün qəlbləri tərpətmişdi. Yerindən qalxan silahını, çantasını götürüb əzizləri ilə vidalaşır, səfərbərliyə gedirdi. İkinci dünya müharibəsi adlanan bu müharibə bəşəriyyət tarixində ən dəhşətli müharibə idi. SSSR-də yaşayan bütün xalqlar müharibəyə cəlb olunurdu.
Elə qədim Dərbəndin qeyrətli və namuslu oğlu Seyidov Seyid- Qazim Kaşimoviçin də o vaxt qarşısına qoyduğu məqsəd bu idi ki,Vətən uğrunda əzmlə vuruşacaq,onu yağı düşməndən xilas edəcək, lazım gələrsə canından belə keçəcəkdir.Lakin tale ona başqa qismət yazibmış. O,Qələbəni böyük sevinclə qarşılayaraq Vətənə dönür.
Seyidov Seyid-Qazim Kaşimoviç 1918-ci il sentyabr ayının 2-də Dərbənddə anadan olub. O, 14 yaşında hələ yeniyetmə ikən işləməyə başlayır və ailəsinə kömək edir.İki il mədrəsədə təhsil aldıqdan sonra o zaman Dərbənd şəhər pedaqoji məktəbin nəzdində yaradılmış gecə məktəbində də təhsil alır. 19371939-cu illərdə kolxoz yaradılanda isə Seyid- Qazim kolxozda işləməyə başlayır. 1939- ilin yazında isə ordu sıralarına hərbi xidmətə çağırılır. Orduya getməzdən əvvəl anasının istəyini nəzərə alaraq Seyidova SeyidNəcimə Mirkazımovna ilə ailə qurur. Ailə qurduqdan bir müddət sonra isə hərbi xidmətə yollanır. Hərbi xidmətə sənədlərə əsasən, 1939-cu il may ayının 16- dan Jitomir şəhərində başlayır və elə orada da hərbi hazırlıq məşqləri keçir. Özünün dediyinə görə həyatının ən gözəl çağları vətənə xidmətdə keçib. Hərbi xidməti Qırmızı Bayraq ordenli Suvorov alayının 38-ci sərhəd xidmətinin nəzdində -dövlət sərhəddini qorumaqda keçib. Bu alayla da O, Berlinə qədər döyüş yolu keçib.Düşmənin ilk zərbəsini ilk qarşılayan da elə sərhəd qoşunları olur. Vətənə fədakar xidmət göstərməsini nəzərə alan rəhbərlik Seyidov Seyid-Qazimi və 38-ci alayın bir neçə əsgərini üç qalib ölkə başçılarının İ.V.Stalinin, Q.Truamanın və U. Çerçilin Podstam konfransında keçiriləcək görüşünün təhlükəsizliyini qorumaq üçün hazırlıq keçdiklərini belə xatırlayırdı:”Yaxşı yadımdadır, konfransdan əvvəl biz xeyli hazırlıq keçdik və sonra bizə yeni forma verdilər.Və biz bu görüşün təhlükəsizliyini böyük məsuliyyət hissi ilə təmin etdik.
Faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi cəsarətinə və mərdliyinə görə
Seyidov Seyid-Qazim “İkinci dərəcəli Vətən müharibəsi” ordeni, “Hərbi ləyaqət”, “Varşavanın azad edilməsinə görə”, “ Berlinin alınmasına görə” ,”Almaniya üzərində qələbəyə görə” orden və medalları və Qələbənin 70 illiyinə həsr edilmiş yubiley medalı ilə təltif edilmişdir.Uzunömürlü veteranımız , millətimizin fəxri, qədim Dərbəndimizin layiqli vətəndaşı Seyidov Seyid-Qazim Kaşimoviç 2016-cı il avqust ayının 23-də dünyasını dəyişsə də, onun nəvəsi Seyidov Seyid-Azim MirCəfəroviç babasının yolunu davam etdirməyə qərar verir.O, Rostov vilayətinin
Novoçerkassk şəhərində Ali Hərbi Komandanlıq məktəbini bitirərək hal-hazırda Xabarovsk vilayətində şərəfli və ləyaqətli bir hərbi mayor kimi xidmətdədir. Biz də öz adımızdan ona bu yolda uğurlar diləyirik.Vətənin belə hünərli oğulları varsa Vətən basılmaz.
Qədirbilən xalqımız bətənin azadlığı uğrunda vuruşan və canından keçən qəhrəmanları heç vaxt unutmayacaq. Onlar əbədi xatirə kimi xalqın qəlbində yaşayacaq, bizim üçün həmişə örnək və nümunə olacaqlar.
Təzədən doğulur igid ölən gün,
O gündən başlanır təzə həyatı,
Ya düşür yoluna ölümsüzlüyün,
Ya da unudulur bir yolluq adı.