İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa,onu bu müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır.Vətən bizim şöhrətimiz,qeyrətimiz,ülviyyətimizdir.İnsan üçün ən ümdə şey Vətən torpağının azadlığı,müstəqilliyidir.Azadlıq isə heç kimə xoşluqla verilmir.Xoşluqla verilən azadlığın qədri bilinməz. Azadlıq qanla,canla qazanılır,qorunur və gələcək nəsillərə əmanət verilir.
Mənim ulu babam Ələkpərov Nadir Əlipaşayeviç də 17 yaşında könüllü cəbhəyə yollanarkən,döyüşlərə qatılarkən vətənin fəlakətli bir anı idi. Əziz və xoş təbiətli bahar bu il kimsədən təbəssüm və nəvaziş görmürdü və heç gözləmirdi də.İnsanların qaya kimi sərt,bulud kimi tutqun simasından kədər,qəzəb,intizar və qayğı yağırdı.Vətənin köməyə çağıran yaralı səsi bütün qəlbləri tərpədərək kövrəltmişdi. Hər kəs yerindən qalxaraq vətənin səsinə səs verərək silahını götürüb əzizləri ilə vidalaşaraq səfərbərliyə yollanırdı.Amma mənim ulu babam Nadir Əlipaşayeviç isə bu çağırışı gözləmədən özü hərbi komissarlığa yollanaraq könüllülər sırasında döyüşə yollanır.O,Novorossiysk yaxınlığında Malaya Zemlya adlanan yerdə Şimali Qafqazın dəniz piyadalarının atıcı alayında döyüşür.Azov dənizində döyüş zamanı o,ağır yaralansa da, vətənə xidməti borcunu layiqincə yerinə yetirməyi özünə borc bilir. Qeyrətli vətən oğlu sıravi əsgərdən leytenant rütbəsinə qədər yüksəlir.Döyüşlərdə göstərdiyi şücaətlərə görə bir çox orden və medallarla təltif olunan Nadir Əlipaşayeviç müharibədən qayıtdıqdan sonra da xalqına xidmət etməyi özünün bir vətəndaşlıq bocu olduğunu deyərək uzun müddət ət kombinatında baytar həkimi kimi əmək fəaliyyətini davam etdirib. Mən həm bir döyüşçü,həm də vətəndaş kimi şərəfli yol keçən ulu babamla fəxr edirəm!