Mənim ana dili müəllimim

“Ey hormətli muəllim,

Hər könüldə yerin var…

…Əkdiyin ağacların

Gülü – çiçəyi solmaz.

Dünyada sənin kimi

Barlı bağban tapılmaz.

B. Vahabzadə.

Müəllimi,  doğurdan da, bağbana bənzətmək ən düzgün fikirdir. Bağban müxtəlif ağaclardan müxtəlif meyvələr aldığı kimi müəllim də müxtəlif uşaqlardan aldığı nəticə fərqlidir.

Mənim fikrimcə, dunyada müəllimdən xoşbəxt insan yoxdur.

Bütün rəhbər işçilər, peşə və sənət sahiblərinin hamısının müəllimi olmuşdur. Eləcə də, bağbanın özü də müəllimdən dərs almışdı. 

Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudr. Lakin heç zaman müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını müəllim təqdim edir, onu gözəl dünya ilə müəllim qovuşdurur.

Müəllim haqqında povest,  hekayə  yazmaq azdır. Müəllim haqqında roman yazmaq lazımdır.

Mən öz ana dili müəllimim barədə yazmaq istəyirəm. O müəllim ki, məni şıfahi xalq  yaradıcılığımızın nümunələri ilə tanış etmişdir. Bizə həyatın ən gözəl simfoniyası olan laylanı, ürəkləri riqqətə gətirən bayatıları ötrətmiş, “Ana”  kitabımız olan “Kitabi – Dədə Qorqud” dastanlarının hər bir boyu ilə bizi tanış etmişdir. O müəllim ki, Babək, Koroğlu, Nəbi kimi mərd, vətənpərvər, Nigar və Həcər kimi namuslu olmağı bizə tövsiyə etmişdir.

Bu müəllim, bayaq qeyd ettiyim kimi, mənim ana dili müəllimim – Səlimə müəllimədir. Isayeva Səlimə Əlibala   qızı Azərbaycan Respublikasının gözəl guşələrindən biri olan Xaçmaz rayonunda dünyaya göz açmış, orta təhsilini başa vurduqdan sonra  Bakı şəhərində pedaqojı institutunun filologiya fakultəsini bitirmişdir. Sonra isə tale onun həyatını bizim gözəl Dərbənd şəhərimizlə bağlamışdir. İyirmi ildir ki, Səlimə müəllimə Sovet İttifaqı qəhrəmanı Şəmsulla Əliyev adına  dörd saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. O, həm də  Azərbaycan Dövlət İqtisad Universitetinin  Dərbənd filialında da 17 ildir ki, fəaliyyət göstərir.

Həm şagirdləri, həm də  tələbələri  Səlimə müəlliməni çox sevirlər.  O, şagirdlərə və tələbələrə Azərbaycan dilinin incəliklərini sevə-sevə öyrədir, Azərbaycan şifahi xalq ədəbiyyatını, yazılı ədəbiyyatı ən zəngin ədəbiyyat kimi bizlərə aşılayir.

Mənim əziz müəlliməm Dərbənd şəhərini öz vətəni hesab edir. Bizimlə olan söhbətlərində o, tez –tez  qeyd edir ki, “Mən ömrümün yarısından çoxunu Dərbənddə keçirmişəm. Dərbənd mənim vətənimdir”  Bu mövzuda onun çoxlu şeirləri də var. Axı Səlimə müəllimə həm də bədii yaradıcılıqla məşğuldur, gözəl şeirlər yazır.  O, ozünü şair saymır, amma biz onu şair adlandırırıq.

Hər il “Novruz” şənliyini o, çox yüksək səviyyədə hazırlayır. Ötən ilki “Novruz” şənliyimiz bütün şəhərə  əks – səda salmışdı. Bayramın səhərisi  gün müxtəlif şəhər təşkilatlarından “Təşəkkürnamə”lər alarkən bizim sevincimizin həddi – hüdudu yox idi.

Səlimə müəllimə öz peşəsi ilə fəxr edir. Başladığı hər bir işi mütləq, sona çatdırır. Hər bir tədris ili Səlimə müəllimə üçün uğurla başa çatır. Belə ki, onun şagirdləri müxtəlif şəhər müsabiqələrdə, tədbirlərdə müvəffəqiyyətlə iştirak edirlər. Şəhər və respublika üzrə olimpiadalarda qaliblər və mükafatçılar kimi həmişə öndə olurlar. Səlimə müəllimənin tez-tez çox maraqlı açıq dərsləri olur.

Bu danışdıqlarım əziz müəlliməmin pedaqoji fəaliyyətinin kiçik bir hissəsidir.  Bu mehriban qadın bizimlə tərbiyyəvi mövzularda maraqlı söhbətlər aparır. Biz qızlara o qədər dəyərli məsləhətlər verir ki… Səlimə müəllimə bizimçün əsl dostdur. Hər bir vəziyyətdə bizə müdrik məsləhətlər verir. Çətin vaxtlarda elə sözlər, elə misallar gətirir ki, ürəklərimiz istilənir. Elə oğlanların da həyata hazırlanmasında onun əməyi var. Birimizin başı ağrısa, muəllimə özünə yer tapa bilmir, qayğısı,  nəvazişi, məlhəm təsirli şirin sözləri ilə bizə şəfa verir. Onun ürəyi sanki bir məşəldir və bizim hamımızı işıqlandırır, qəlbimizə nur gətirir. Hər dəfə bu hissləri keçirərkən sanki göyün yeddinci qatına qalxır, qürurlanır, fəxr edirik.

Ürəklərdə diləkdir ana dili müəllimim.

İnsan deyil,  mələkdir ana dili müəllimim.

Bizə doğma anadır, odumuza yanandır,

Bizim üçün sonadır ana dili müəllimim.

Bu iki bənd mənim ürəyimdən keçəənlərin qısa məzmunudur…

Mən bütün müəllimlərimi sevirəm. Ana dili müəllimimi isə heç vaxt unutmayacağam. Yəqin, bu ona gorədir ki, dünyaya rus dilli bir cəmiyyətdə gğz açan bizlərə məhz Səlimə müəllimə ana dilimizin şirinliyini, gozəlliyini, ədəbiyyatımızın zənginliyini həzin Azərbaycan dilində bizə çatdırmışdır. Buna görə də biz ona minnətdarlığımızı bildiririk.

Mən öz sevimli, əziz müəlliməmə uzun ömür,can sağlığı, ailə xoşbəxtliyi və seçdiyi çətin və şərəfli işındə uğurlar arzulayıram. Söz verirəm ki, onun kimi səmimi, düzgün, xeyirxah bir insan olacağam.

                                           Aysel Məhərəmova